Avrasiya Materiki

Avrasiya














Avrasiya
Ucqar nöqtələri:
Şimalda –Çelyuskin burnu,
Cənubda-Piay burnu,
Qərbdə-Roka burnu,
Şərqdə-Dejinyov burnu.
Bütün okeanlarla həmsərhəd materik..Avrasiya dünyanın ən böyük materikidir. Avropa və Asiya qitələrindən ibarətdir. Finikiyalıların dilində "Asu" (Asiya sözü buradan götürülmüşdür, mənası şərq, gündoğan deməkdir) və Yereb (Avropa sözü buradan götürülmüşdür, mənası qərb, günbatan deməkdir) sözlərinin birləşməsindən yaranmışdır. Adalarla birlikdə sahəsi 54 milyon kvadrat kilometrdir. Dünyanın quru ərazisinin üçdəbiri Avrasiyanın payına düşür.Avrasiya materiki qərbdən şərqə 16 min kilometr, şimaldan cənuba 8 min kilometr uzanır. Avrasiya 4 yarımkürədə, əsasən ekvatordan şimalda yerləşir. Bəzi adaları ekvatordan cənubdadır. O, şimal-şərqdən Berinq boğazı ilə Şm. Amerikadan, Cəbəllütariq boğazı, Aralıq və Qırmızı dəniz, Süveyş kanalı və Bab-Ül-Məndab boğazı ilə Afrikadan ayrılır. Materikin sahilləri əsasən qərbdən, qismən isə şərqdən daha çox girintili-çıxıntılıdır. Skandinaviya yarmadası sahillərində dalğaların dağıdıcı fəaliyyəti nəticəsində fiord tipli sahillər formalaşıb.Avrasiya materiki bütün okeanlarla həmsərhəddir. Avrasiya materiki aşağıdakı coğrafi obyektlər üzrə Avropa və Asiyaya ayrılır: Ural dağlarının şərq ətəkləri, Emba çayı, Xəzərin şimal sahilboyu, Kuma-Mamç çökəkliyi, Don çayının aşağı axarı, Azov dənizi, Kerç boğazı, Qara dəniz, Bosfor boğazı, Mərmərə dənizi, Dardanel boğazı, Egey dənizi, Aralıq dənizi.
Avropanın ucqar nöqtələri:
Şimalda - Nordkin burnu,
Cənubda - Marokko burnu,
Qərbdə – Roka burnu,
Şərqdə - Uralın şərqi
Asiyanın ucqar nöqtələri:
Şimalda - Çelyuskin burnu,
Cənubda - Piay burnu,
Qərbdə – Baba burnu,
Şərqdə – Dejnyov burnu



Avrasiyanı qərbdən Atlantik okean,
Şimaldan  Şimal Buzlu okean,
Cənubdan Hind okeanı,
Şərqdən Sakit okean əhatə edir.
Avrasiyanın sahil xətləri çox mürəkkəbdir. Bunun səbəbləri sahəcə çox böyük olması və geoloji inkişafıdır. Şimal sahilləri həm də buzlaşmanın təsirinə məruz qalıb. Materikin əsasını Avrasiya litosfer tavası təşkil edir. Onun ən qədim hissələri :
Şərqi Avropa,
Sibir,
Çin-Koreya,
Cənubi Çin
Tarim  platformalarıdır.
Sonrakı inkişaf mərhələlərində bu platformalar birləşmiş, materik genişlənmişdir. Daha sonra qədim Qondvananm hissələri olan Ərəbistan və Hindistan platformaları Avrasiyaya birləşmişdir. Avrasiya tavasının cənub sərhədlərində, qonşu tavalarla qovuşduğu yerdə güclü dağəmələgəlmə prosesi baş vermişdir və bu, indi də davam edir. Nəticədə burada hündür və cavan Alp-Himalay dağ sistemi yaranmışdır. Şərqdə Sakit okean tavası ilə toqquşma zonasında adalar və dərin okean novları əmələ gəlmişdir.
Bura Yer qabığının ən fəal seysmik sahələrindən biridir. Güclü zəlzələlərlə yanaşı (1923-cü il, Tokio), fəaliyyətdə olan vulkanların bir çoxu (Klyuçi Sopkası, Fudziyama, Krakatau və s.) buradadır. Aralıq dənizi adaları və sahilboyunda da vulkanlar var (Vezuvi, Etna, Stromboli). Ehtimal olunur ki, hazırda Şimal Buzlu okeanının şelf dənizləri buzlaşma zamanı quru olmuşdur. Böyük Britaniya və İrlandiya adaları materiklə birləşmiş, Berinq boğazının yeri quru olmuşdur. Skandinaviya yarımadası, Uralın şimalı, Şərqi Avropa düzənliyinin xeyli hissəsi bu zaman buzlaqlarla örtülü olmuşdur. Geoloji inkişafı ilə bağlı relyefi çox mürəkkəbdir. Avropa hissəsi daha alçaq (okean səviyyəsindən orta hündürlüyü 300 m), Asiya hissəsi isə yüksəkdir (orta hündürlüyü 950 m). Avropada maksimal hündürlük 4807 m (Monblan), Asiyada 8848 m-dir (Comolunqma - Everest). Okean səviyyəsindən ən alçaq nöqtə Avropada - 27 m(Xəzər dənizinin səviyyəsi), Asiyada - 405 m-dir (Ölü dənizin səviyyəsi).. Materikin mərkəz və şimalında əsasən düzənliklər, cənub və şərqində dağlar üstünlük təşkil edir. Ən iri düzənliklər :

Şərqi Avropa (Rusiya),
Böyük Çin düzənlikləri,
Qərbi Sibir,
Turan,
Xəzərsahili,
Hind-Qanq,
Mesopotamiya ovalıqları,
Ərəbistan, Dekan, Anadolu, Qobi, Tibet, Orta Sibir və s. yaylalarıdır.
-Cavan Alp-Himalay dağ sistemi Atlantik okeanı sahillərindən Hind-Çin yarımadasmadək materikin cənubunda uzanmışdır. Bu sistemə Pireney, Alp, Apennin, Karpat, Balkan, Krım, Qafqaz, Kiçik Asiya (Anadolu) və İran yaylalarındakı - Pont,Tavr, Zaqros, Elburs və s., Kopetdağ, Hindquş, Pamir, Himalay dağları daxildir. Sakit okean sahili boyu Kamçatkadan Zond adalarına qədər cavan qırışıq dağlar uzanır.
Materikin qədim dağlarına Skandinaviya, Ural, Tyan-Şan, Altay, Sayan, Böyük Xinqan, Verxoyansk, Çersk, Sixote-Alin dağları, həmçinin Qobi, Tibet yaylaları, Qazax xırda təpəliyi və s. aiddir.
İqlimi
Avrasiya ən mürəkkəb iqlim şəraitinə malik materikdir. Bunun səbəbləri:
1. Materikin çox nəhəng olması (qərbdən-şərqə və şimaldan-cənuba böyük məsafədə uzanması);
2. Relyefinin mürəkkəbliyi;
3. Materikin mərkəzinin okeanlardan aralı olması.
Şimal yarımkürəsinin "soyuq qütbü" (Oymyakon, -71 °C), dünyada ikinci ən çox yağıntı düşən yer (Himalay dağlarının cənub-şərq yamacı - Çerapuncada 12000 mm) bu materikdədir. Atlantik okeanının təsiri altında qalan qərb sahilboyu və musson küləklərinin təsiri altında olan şərq və cənub-şərq hissələri bol yağıntı alır. Materikin mərkəzinin okeanlardan uzaqlığı kontinental iqlim şəraiti yaradır. Materikin şimaldan cənuba böyük məsafədə uzanması onun səthində günəşdən gələn istiliyin qeyri-bərabər paylanmasına səbəb olur. Cənub enliliklərində günəş şüaları yer səthinə daha böyük bucaq altında düşdüyünə görə bura daha çox istilik alır. Şimala doğru günəş şüalarının düşmə bucağı azalır və səthin aldığı istiliyin miqdarı da aşağı düşür. Nəticədə materikin cənubu ilə şimalı arasında kəskin temperatur fərqi yaranır. Böyük iqlim fərqləri materikin kənar qərb və şərq, eləcə də daxili hissələri arasında da mövcuddur. Bunun səbəbi materikin daxili hissələrinin iqliminə okeanların təsirinin zəifləməsidir. Nəticədə materikin mərkəzinin okeanlardan uzaqlığı kontinental iqlim şəraiti yaradır. Belə ki, Atlantik okeanı üzərindən gələn mülayim və rütubətli hava kütlələri qərbə - Avropaya bol yağıntı gətirir, iqlimi yumşaldır. Şərqə hərəkət etdikcə bu hava kütlələrinin rütubətliyi və iqlimin kontinentallığı azalır. Materikin iqliminə Şimal Buzlu okeanının da təsiri böyükdür. Bu okeanın üzərində yaranan quru və soyuq hava kütlələri materikin geniş şimal ərazilərinə daxil olaraq qışda şaxtalı, yayda sərin hava şəraiti yaradır. Materikin şərq və cənub hissələrinin iqlimi isə ilin isti dövründə Sakit və Hind okeanlarından gələn musson küləklərinin təsiri altında formalaşır. Yay mussonları materikin kənar zonalarına bol yağıntı gətirdiyi halda, qış mussonları materikdən okeana əsdiyindən qışda burada quru, aydın havalar hakim olur. Hind okeanından gələn isti və rütubətli hava kütlələri yalnız Cənubi Asiyanın iqliminə təsir edir. Hündürlüyü 7-8 km-dən artıq olan Himalay dağları rütubətli mussonları materikin daxili hissələrinə buraxmır. Nəticədə Himalay dağlarının cənub yamaclarına çox, şimal yamaclarına – Tibet və mərkəzi Asiyaya olduqca az yağıntı düşür.
İqlim xəritəsi materikdə temperatur və yağıntıların paylanması xüsusiyyətlərini aydınlaşdırmağa imkan verir. Qışda materikin çox hissəsində orta temperatur 00 dərəcədən aşağı olur. Yalnız Atlantik okeanı, Aralıq və Qara dəniz sahillərində qışda temperatur 0 dərəcədən yuxarı olur. Cənubi Asiyada isə qış ayları mülayim, hətta isti olur. Qışda yanvar ayının orta temperaturunu göstərən izotermlər qərbdən şərqə meridian istiqamətində dəyişir və şimal-şərqə doğru azaldığı müşahidə olunur.Avrasiyada ən yüksək temperatur Ərəbistan yarımadasında (+54°C ), ən az yağıntı Rub-Əl-Xali səhrasında (10 mm-ə qədər) qeydə alınıb.Avrasiya yeganə materikdir ki, bütün iqlim qurşaqlarında yerləşir.
1.     Şimal Buzlu okeanındakı adalar və şimal sahilboyu arktik,
2.     İslandiya adasından başlamış şərqə doğru zolaq şəklində subarktik iqlim qurşaqları yerləşir.
3.     Avrasiyanm ən geniş hissəsi mülayim qurşaqda yerləşir və mürəkkəbliyi ilə seçilir. Qərbdə, Atlantik okeanı sahillərində mülayim dəniz iqlimi, şərqə doğru ardıcıl olaraq mülayim kontinental, kontinental, kəskin kontinental, Sakit okean sahillərində isə musson iqlim tipləri hakimdir.
4.     Qərbdə, Pireney yarımadasından şərqdə, Sakit okean sahillərinə qədər zolaq şəklində subtropik iqlim qurşağı yerləşir və Aralıq dənizi iqlimi, kontinental, musson iqlim tiplərinə ayrılır.
5.     Ərəbistan yarımadası, İran körfəzi ətrafı, İran yaylasının cənub hissəsi, Hind-Qanq ovalığının qərbi tropik kontinental,
6.     Hindistan və Hind-Çin yarımadaları, Şri-Lanka adası subekvatorial iqlim qurşaqlarında yerləşir.
7.     Malakka yarımadası və Zond adalarında ekvatorial iqlim qurşağı hakimdir.
Adalar-Böyük Britaniya, Irlandiya, Islandiya, Siciliya, Sardiniya, Kipr, Krit, Malta,Şri-Lanka, Kuril, Yapon, Saxalin, Böyük Zond adaları,Tayvan,Haynan,Flippin,Sumatra,Yava,Sulavesi,Kalimantan,Andaman,Novosibir,Vrangel,Novaya Zemlya,Korsika,Frans İosif..
Yarmadalar –Skandinaviya, Priney, Apennin, Balkan (Avropada) Kiçik Asiya, Ərəbistan, Hindistan, Hind-Çin, Koreya, Kamçatka, Çukot, Taymır (Asiyada),Kola,Yutlandiya,Bretan,Kırım,Yamal,Malakka,Sinay..
Körfəzlər: Biskay, Fin, Botnik, Iran, Benqal, Ədən, Siam.Riqa
Boğazlar:Skagerrak,Kateqqat,La Manş,Pade kale,Cəbəllütariq,Bosfor,Dardanel,Kerç,Bering,Tatar,Laperuz,Kunaşir,Koreya,Tayvan,Zond,Malakka,Hörmüz,Babəlməndəb və,s
Dənizlər –Azov, Qara, Mərmərə, Egey, Aralıq daxilində( Adriatik, İon,Tirren,Liqurya)Şimal, Baltik (Atlantik okeanı), Barens, Norveç, Ağ, Kara, Laptevlər, Şərqi-Sibir, Çukot (Şm.Buzlu okeanı), Berinq, Oxot, Yapon, Sarı, Şərqi və Cənub-Şərqi Çin (Sakit okean), Ərəbistan, Andaman, Qırmızı (Hind okeanı).

Avrasiyanın relyefi
Avrasiya qədim Lavraziya materikinin bir hissəsidir. Avrasiya-şərqi Avropa, Sibir, Çin-Koreya, Cənubi Çin platformalarının birləşməsindən yaranıb. Sonralar bura Qondvananın hissələri olan Ərəbistan və Hindistan tavaları birləşib. Məhz bu tavaların qovuşduğu yerdə güclü dağəmələgəlmə prosesi baş vermişdir. Nəticədə Atlantik okeanından Sakit okeana qədər ərazidə Alp-Himalay geosinklinal qurşağı yaranmışdır. Bu qurşağa Pireney, Appenin, Alp, Dinar, Balkan, Karpat, Krım, Qafqaz, Pond, Tavr, Elbrus, Kapetdağ, Pamir, Hindiquş, Karakorum, Himalay dağları daxildir. Bu dağlar cavan olduğundan burada tez-tez vulkanlar püskürür (Yalnız Aralıq dənizi sahillərində) və zəlzələlər baş verir. Ikinci dağlıq qurşaq materikin şərqində Avrasiya və Sakit okean tavalarının toqquşduğu sahədədir. Burada hündür dağlarla yanaşı, dərin okean çökəklikləri və adalar var. Kamçatka yarmadasından Böyük Zond adalarına qədər uzanan bu qurşaq Sakit okean dağlıq (odlu) qurşağı adı ilə tanınır. Bu qurşaqda da tez-tez zəlzələ və vulkanlar olur. Avrasiyanın ən uca vulkanı Klyuçeviskaya Sopka (4750m) bu qurşaqdadır. (Kamçatka yarımadasında) Avrasiyadan bəzi dağlar qədim olduğundan hündür deyil. Bura Skandinaviya, Tyan-Şan, Altay, Ural dağları, Qazaxıstan xırda təpəliyi aiddir. Onların bəzisində məs. Tyan-Şan, Ural, Altayda yenidən qalxma prosesi gedir.
Düzənliklər. Avrasiyanın ən qədim sahəsi Şərqi Avropa düzənliyi, Orta Sibir yaylası, Böyük Çin düzənliyi platforma üzərində yerləşib. Ərəbistan və Dekan yaylaları da qədimdir. Sahil zolağında çoxlu ovalıq var. Hind-Qanq, Mesopotomiya, Qərbi Sibir, Orta Dünay, Kür-Araz və s.
Qədim materik birləşməsi Avrasiyanın relyefinə onun şimal hissəsini (Skandinaviya və Kola yarımadaları, Novaya Zemlya adası) tutmuş qədim buzlaşma böyük təsir göstərmişdir. Bu buzlaşma nəticəsində bir sıra dağlar hamarlanmış, daimi donuşluq sahələri yaranmış, buzlaq əridikdən sonra isə moren təpələri və çökəkliklər formalaşmışdır. Bu çökəkliklərdə buzlaq mənşəli göllər formalaşmışdır.

Daxili sular

Daxili suların həcminə görə Avrasiya ən zəngin materik hesab olunur. Daxili suların istər ərazi üzrə paylanmasına, istərsə də qidalanmasına və rejiminə görə materikin ayrı-ayrı hissələri arasında xeyli fərq var. Dünyada uzunluğu 4000 km-dən çox olan 14 çaydan 7-si məhz bu materikdə yerləşir. Ən böyük gölü Xəzər, ən uzun çayı Yantszıdır - 5800 km. Dünyanın ən dərin şirinsulu gölü Baykal ,ən duzlu gölü Ölü dəniz məhz Avrasiya materikindədir. Pamir dağlarında isə uzun dağ-dərə buzlağı – Fedçenko buzlağı yerləşir.
  Avrasiyanın çaylarının fiziki xəritəni nəzərdən keçirsək, materikin kənarlarında çay şəbəkəsinin daha sıx, cənub-qərb hissəsində və daxili rayonlarında isə seyrək olduğunu müşahidə edərik. Çaylar materikin daxilindəki dağlardan, yüksəklik və yaylardan başlayaraq müxtəlif istiqamətlərdə axır. Töküldüyü yerdən asılı olaraq, Avrasiyanın çayları 5 hövzəyə bölünür. Burada dörd böyük okean hövzəsi ilə yanaşı dünya okeanına çıxışı olmayan daxili (axarsız) hövzə də geniş sahə tutur. Daxili hövzə materikin 1/3 hissəsini əhatə edir. İqlim şəraitindən asılı olaraq, qidalanmasına və rejiminə görə çaylar bir-birindən xeyli fərqlənir. Müxtəlif hövzələrə məxsus çayların qidalanmasında və su rejimindəki fərqlərin əsas səbəbi yağıntıların illik miqdarı, onun fəsillər üzrə paylanması və buxarlanmadır.
Avrasiyanın Şimal Buzlu okeanı hövzəsinə aid olan çayları Ob, Yenisey, Lena , Peçora, Irtış və s. Bu çaylardan Ob ən uzun, Yenisey isə ən bol sulu çay hesab olunur. Hövzənin çayları yuxarı axarda dağ çayları, orta və aşağı axarlarda isə tipik düzənlik çaylarıdır. Çayların böyük məsafədə cənubdan şimala və müxtəlif iqlimə malik olan ərazilərdən keçməsi onların rejiminin mürəkkəbliyinə səbəb olmuşdur. Bu çayların əksəriyyətinin qidalanmasında qar və yağış suları üstünlük təşkil edir. İlin çox hissəsini bu çaylar donur. Yazda buzdan azad olan çaylarda güclü daşqınlar əmələ gəlir.
Atlantik okeanı hövzəsinin çayları (Sena, Dnepr, Dnestr, Don. Reyn, Rona, Po, Ebra, Dunay, Elba, Oder, Visla və s. Bunlardan ən uzunu və daha çox çirklənmişi Dunaydır.) Avropanın yüksəkliklərindən, dağlardan başlayır. Burada çay şəbəkəsi daha sıx olsa da, uzun çaylar yoxdur. Ən böyük çay Dunay çayıdır. Bu çay uzunluğuna görə Avropada ikinci çaydır. Dunay çayı bir neçə dağı, yüksəkliyi, ovalığı keçərək Qara dənizə tökülür və mənsəbində delta əmələ gətirir. Dunay yuxarı axarda tipik dağ çayıdır, xırda qollar qəbul edir. Orta axarda ona iri qollar - Drava, Tisa, Sava və s. birləşir. Dunay böyük məsafədə gəmiçilik üçün çox yararlıdır. Çünki o, bir neçə dövlətlərin ərazisindən keçir və onların çoxu üçün dənizə yeganə çıxış yoludur. Digər mühüm çayları Şimal və baltik dənizinə tökülən - Reyn, Elba, Visla, Oder çaylarıdır. Bu çaylar bol sulu olmaqla il boyu gəmiçilik üçün yararlıdır. Bu çayları birləşdirən kanalların çəkilməsi onların nəqliyyat əhəmiyyətini xeyli artırmışdır. Cənubi Avropada Aralıq dənizinə (Rona, Po) və birbaşa Atlantik okeanına (Taxo, Qvadiana, Laura) tökülən çayların əksəriyyəti qısa və azsulu, gəmiçilik üçün o qədər də yararlı olmayan çaylardır. Bu çaylar qışda bolsulu olur, yayda isə olduqca dayazlaşır, bəziləri isə hətta quruyur. Lakin bu çayların suvarma əhəmiyyəti böyükdür.
Sakit okean hövzəsinə aid çayları - Yantszı, Xuanxe, Mekonq Amur və s. çaylarıdır. Bu çaylar mənbələrini yüksək dağlardan və yaylalardan götürməklə şərqə axır. Yuxarı axarda çaylar dağ çaylarıdır. Sürətli axına malik olduqları üçün düzənliyə çıxdıqda özləri ilə birlikdə gətirdikləri çoxlu miqdarda qırıntı və asılı materialları çökdürür. Əksər çayları delta əmələ gətirir. Bu hövzəyə aid olan çayların qidalanmasında yağış suları üstünlük təşkil edir. Qidalanmada musson rejimi özünü göstərir. Yay mussonlarının yaratdığı güclü yağışlar nəticəsində tez-tez daşqınlar əmələ gətirir. Başlanğıcını yüksək dağlardakı buzlaqlardan götürən çaylarda yay daşqınları buzlaqların əriməsi ilə daha da güclənir. Mülayim qurşaqda axan çaylar qışda donur. Buna görə onlarda qar və buzların əriməsi nəticəsində yazda daşqınlar baş verir.
       Yantszı çayı Şərqi Çin dənizinə tökülərkən böyük delta yaratmışdır. Bu çay Avrasiyanın ən uzun çayıdır. Böyük məsafədə gəmiçilik üçün yararlıdır, suvarmada geniş istifadə olunur. Çin əhalisinin dörddə bir hissəsi Yantszı çayının hövzəsində yaşayır.
Avrasiyanın Hind, Qanq, Brahmaputra çayları Hind okeanı hövzəsinə aid olan çaylardır. Bu çayların qidalanmasında və su rejimində də musson yağıları böyük rol oynayır. Qanq çayı sululuğuna görə yalnız Amazonka və Konqo çaylarından geri qalır. Öz mənbəyini Himalay dağlarından götürən Qanq və onun qolları materikin ən bol yağıntılı ərazisindən axır və benqal körfəzində böyük delta yaradır. Cənub və cənub-şərq hissədə çaylar daha sıx şəbəkə əmələ gətirir. Bu zonada da baş verən daşqınlar və tayfunlar regionun təsərrüfatına güclü ziyan vurur. Cənub-qərbdə Hind okeanına axan çayları - Dəclə və Fərat çaylarıdır. Bu ərazi subtropik və tropik iqlim qurşaqlarında yerləşir və quraq iqlimə malikdir. Buna görə çaylar azsuludur.
Daxili hövzənin çayları materikin cənub-qərb və daxili hissələrində geniş ərazi əhatə edir. Şərqi Avropa düzənliyindən Xəzər dənizinə axan çayların qidalanmasında qar suları daha üstündür. Daxili axarsız hövzənin çayları – əsasən 2 hövzəyə aiddir: a) Kür, Volqa, Terek, Ural, Emba, Samur-Xəzər tökülür və bu çayların hamısının mənsəbi okean səviyyəsindən aşağıda yerləşir. b) Amudərya və Sırdərya isə Aral dənizinə tökülürlər. əsasən hündür dağlardan başladıqlarından buzlaqla qidalanırlar.
Səhra və yarımsəhralardan keçən Amudərya, Sırdərya, Tarim və s. çayları öz başlanğıcını qarlı-buzlu dağlardan götürdüyünə görə yayda bolsulu olurlar. Volqa çayı uzunluğuna görə Avropanın ən böyük çayıdır. Onun uzunluğu 3630 km-dir. Bir çox qolları var. Onlardan Oka və kama ən böyük qollarıdır. Volqa Xəzər dənizinə tökülərkən böyük delta əmələ gətirir. Volqa çayı üzərində bir çox su anbarları, hidrotexniki qurğular yaradılıb və SES-lər tikilmişdir. Volqanın böyük nəqliyyat əhəmiyyəti vardır.
Avrasiyanın ən uzun çayları- Amur, Xuanxe, Yansızı, Mekonq, Volqa (Avropanın ən uzun çayı): ən bol sulu çayları isə Qanq və Yansızıdır.
Avrasiyanın gölləri- əsasən Şimali Avropada (Skandinaviya, Finlandiya və Koreliyada) daha çoxdur. Buna səbəb qədim buzlaqların fəaliyyəti nəticəsində yaranan çökək relyef formalarnıın geniş yayılmasıdır. ən iri gölləri-Xəzər, Venerin, Balaton, Cenevrə, Boden, Ladoqa, Oneqa (Avropada); Aral, Sevan, Tuz, Van, Urmiyə, Baykal, Balxaş, Issık-kul (Asiyada). İqlimin quraq və isti olduğu daxili axarsız hövzədə göllər azdır və onların əksəriyyəti duzlu göllərdir. Bu ərazidə yerləşən iri göllər – Xəzər, Balxaş, Aral vaxtilə mövcud olmuş Tetis okeanının qalığı hesab edilir.
       Xəzər dünyada sahəsinə görə ən böyük göldür. Onun səthi dəniz səviyyəsindən -27 metr aşağıda yerləşir. Xəzərin maksimal dərinliyi 1025 metrdir. Suyun orta duzluluğu 11-13 promildir. Xəzərin şelf sahəsində və dibinin təkində zəngin neft və qaz ehtiyatı var. Bakı neft rayonu kimi dünyada məşhurdur. Burada dənizdən yüksək keyfiyyətli neft və qaz çıxarılır.
       Dağlıq ərazilərdə yerləşən iri göllərin bir çox isə tektonik mənşəlidir. Onlar yer qabığının qırıldığı qatlarda yaranmışdır. Baykal, Cenevrə, Boden, Urmiya, İssık-Kul və s. məhz tektonik mənşəli göllərə aiddirlər.
       Baykal gölü 6000 km-dən artıq məsafədə uzanan çökəkliyi tutur. Gölün eni 25 km-dən 80 km-ə qədərdir. Dünyanın ən dərin gölü hesab olunan Baykalın dərinliyi 1620 metrdir. Bu göl Avrasiyanın ən böyük şirin su anbarıdır. Baykala 360-a qədər çay tökülür.
       Avrasiya materikində göllərin böyük təsərrüfat əhəmiyyəti vardır. Onlar mühüm istirahət, turizm, kurort əhəmiyyətinə malik olmaqla suvarmada, məişətdə, gəmiçiliyin inkişafında böyük rol oynayır.

Təbii zonaları
Materikin böyüklüyü və iqlimin mürəkkəbliyindən asılı olaraq Avrasiyada bütün təbii zonalara rast gəlinir. Relyef və okean tipli hava kütlələrinin təsiri ilə Avrasiyada təbii zonalar qərbdən şərqə doğru dəyişir. Avrasiyada aşağıdakı təbii zonalar var:
Arktik səhralar zonası-Iqlimi sərtdir. Bitkiləri mamır, şibyə; heyvanları ağ ayı, tülkü, maraldır.
Tundra və meşə tundra zonası- Avrasiyada qərbdən-şərqə doğru iqlim sərtləşdiyi üçün tundra genişlənir. Bu zona üçün daimi donuşluq və bataqlıqlar xarakterikdir.
Meşə zonası – mülayim qurşaqda yerləşib, 4 hissəyə ayrılır:
a) Şimalda iynəyarpaqlı meşələr tayqa adlanır. Torpaqları podzoldur. Bitkiləri şam, küknar, sidr, heyvanları xəz dərilidir.
b) Qarışıq meşələr- torpaqları çimli-podzoldur.
c) Enliyarpaq meşə zonası torpaqları qonur-meşədir.
d) Materikin şərqində Sakit okean sahilində Musson meşələri yayılıb. Musson meşələri həmdə subtropik və subekvatorial iqlim quraqlarında da formalaşıb.
Tayqadan fərqli olaraq qarışıq və enliyarpaq meşə zonası Avrasiyada tam zolaq əmələ gətirmir. Buna səbəb şərqə doğru iqlimin kontinentallığının artmasıdır.
Meşə-çöl zonası və Çöl zonası–mülayim iqlim qurşağının boz-meşə və qara torpaqları üzərində formalaşıb. Avrasiyada çöl zonası step adlanır. Əsasən Rusiyada geniş yayılıb.
Yarımsəhra və səhralar – mülayim, subtropik və tropik iqlim quraqlarında formalaşıb. Yaranmasının başlıca səbəbi-materikin daxilində, okeanlardan uzaqda yerləşməsidir. Mülayim dəniz iqliminin hakim olmasından Avropada səhralar yaranmır. Asiyanın ən iri səhraları-Qaraqum, Qızılqum, Təklə-Məkan, Qobi, Tar, Dəştü-Kəbr, Dəştü-Lut, Böyük və Kiçik Nefut, Rüb-əl-Xari v s-dir.
Subtropik qurşağın codyarpaqlı meşə və kolluqları-Aralıq dənizi iqlimində formalaşıb. Torpaqları-qəhvəyidir.
Savanna və subekvatorial meşələr- Avrasiyanın cənub-şərqində formalaşıb.
Ekvatorial meşələr- əsasən Böyük Zond adalarını əhatə edir.

Faydalı qazıntılar

Materik faydalı qazıntı yataqları ilə zəngindir. Materikin cənub-şərqində qalay və volfram filizləri qurşağı uzanır (xüsusən Cənub-Şərqi Asiyada). Rusiyanın Asiya hissəsində qızıl və almaz, Hindistan və Şri-Lankada zəngin yaqut yataqları var. Hindistan, Çinin şimal-şərqi, Skandinaviya, Rusiya (Ural, Kursk, Sibirin cənubu) dəmir filizi ilə zəngindir. Neft və təbii qaz ehtiyatlarına görə Avrasiya digər materiklərdən üstündür. Qərbi Sibir, Volqa-Ural, İran körfəzi, Xəzər və onun ətrafı, Şimal dənizi əsas hasilat rayonlarıdır. Daş kömürün əsas yataqları Rusiya (Tunquska, Peçora, Kuznetsk, Kansk-Açinsk, Lena), Ukrayna (Donetsk), Qazaxıstan (Karaqanda), Polşa (Sileziya), Almaniya (Rur), Çin, Hindistan və s.-dədir.



Avrasiya materikinin əhalisi 5 milyard nəfərə yaxındır. Yəni dünya əhalisinin dörddə üç hissəsi Avrasiyada yaşayır.Avrasiya həm də bütün dünya türklərinin vətənidir. Türk xalqlarının hamısı Avrasiya materikində yaşayır, türk dövlətlərinin hamısı Avrasiyada yerləşir.Bəzi məlumatlara görə, türk хalqları Avrasiyanın 50 milyon kvadrat kilometrdən çox ərazisinin təqribən 10 milyon kvadrat kilometrində məskunlaşıb.Dünyanın ən çox məskunlaşmış materiki olub, 3 irqə mənsubdur. I yerdə avropoid irqinə mənsub olan əhali durur. Onlar-Avropa, Cənub-Qərbi Asiya və Hindistanda yaşayır. II yerdə monqoloid irqinə mənsub əhali durur. Onlar-Mərkəzi, Cənub-Şərqi və Şərqi Asiyada yaşayırlar. Şri-Lanka və Hindistanın cənubunda neqroidlər yaşayır.Qərbi Avropa, Cənubi, Cənub-Şərqi və Şərqi Asiyada əhali daha sıx məskunlaşdığından, burada antropogen landşaftlar daha geniş yayılıb.

Yorumlar

Bu blogdaki popüler yayınlar

Avropanın Relyefi